Xəbərlər

“Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi uğurla yekunlaşıb

“Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi uğurla yekunlaşıb

31.05.2017 Xəbərlər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin və “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin birgə təşkilatçığı ilə Milli Debat Proqramı çərçivəsində həyata keçirilən “Respublika Gənclər Debat Forumu: Yaz 2017”-nin Final, Mükafatlandırma və Bağlanış mərasimi baş tutub. Tədbirdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin baş məsləhətçisi, dosent Seyfəl Həsənov, “Vətəndaş Cəmiyyətində Debat” İctimai Birliyinin sədri Ələkbər Mustafayev, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin uşaq və gənclərin yaradıcılığı sektorunun müdiri Ayla Həsənova, ADA Universitetinin prorektoru Fariz İsmayılov və digərləri iştirak etdilər. Qeyd edək ki, cənab Prezidentimiz İlham Əliyevin 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsinə əsasən, “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi “Beynəlxalq terrorizmdə İslam həmrəyliyinin rolu” mövzusu ətrafında reallaşdı.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edilib və sonra “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsinin video hesabatı təqdim olunub. Video hesabatdan sonra forum həyəcanlı mərhələyə keçid aldı. Belə ki, forumun Azərbaycan bölməsi üzrə finalına vəsiqə qazanmış Bakı Dövlət Universitetinin və Azərbaycan Dövlət İqtisad Universitetinin debat klubları həyəcan dolu intellektual oyun nümayiş etdirdilər. Final oyunun qalibi Bakı Dövlət Universitetinin “Kapitan Qrantın uşaqları” komandası oldu. O cümlədən, Rus bölməsi üzrə də final oyununun qalibi müəyyənləşdi. Belə ki, Azərbaycan Dövlət İqtisad Universitetinin “Peçat” komandası rus bölməsi üzrə “Bakı Gənclər Debat Forumu: Yaz 2017”nin kubokunu qazandı.

Final oyunundan sonra tədbir rəsmi çıxışlarla davam edib. Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxış etdi. Cənab İntiqam Babayev debatın gənclərə və cəmiyyətə faydalarından danışdı. Cənab nazir müavini bildirdi ki, gənc debatçılar özlərini inkişaf etdirərək xarici platforma və tədbirlədə ölkəmizi uğurla təmsil edə bilər və onların fəaliyyəti hər zaman cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir.

Rəsmi çıxışlardan sonra qalib komandalar və ən yaxşı natiqlər mükafatlandırıldılar. O cümlədən, “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsində fəal iştirak etmiş, Milli Debat Proqramının Regional Mərkəzləri olan Mingəçevir, Gəncə, Şəki, Lənkəran, İsmayıllı, Sabirabad və Sumqayıt debat mərkəzləri Diplomla mükafatlandırıldılar.

Qeyd edək ki, “Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsinin tərəfdaşları ADA Universiteti, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqları və “IDEA” NL beynəlxalq təşkilatıdır.

“Respublika Gənclər Debat Forumu: Yaz 2017” layihəsi ölkə gənclərinin inkişafında müstəsna rol oynayıb. Ümumilikdə forumda 1000-dən çox gənc iştirak edib. 

Məlumat üçün bildirək ki, Respublika Gənclər Debat Forumu (RGDF) 2010-cu ildən davamlı olaraq DVC tərəfindən “Milli Debat Proqramı” çərçivəsində həyata keçirilən ən genişmiqyaslı debat çempionatıdır. RGDF keçirilməsinin məqsədi gənclər arasında natiqlik mədəniyyətinin inkişaf etdirilməsi vasitəsi ilə onların qərar vermə proseslərində, ictimai aktuallıq daşıyan məsələlərdə, dövlət gənclər siyasətinin həyata keçirilməsində iştirakının təmin etməkdir. RGDF vəzifələrinə gənc natiqlərin yetişdirilməsi, gənclərin ictimai həyatda iştirakının stimullaşdırılması, könüllü hərəkatının inkişafı, cəmiyyətin maarifləndirilməsi daxildir.